İranın yardımçı texnologiyaların inkişafı üzrə modeli Prezidentin Elmi Müavinliyinin nümayəndələrinin təşəbbüsü ilə GATE-2025 sammitində təqdim olunub. Bu model həmçinin tədbirdə inkişaf etməkdə olan ölkələr üçün uğurlu nümunə kimi tanınıb.
Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat üzrə Müavinliyinin Kommunikasiya və İnformasiya Mərkəzinə istinadla verdiyi xəbərə görə, Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat üzrə Müavinliyinin Beynəlxalq Elmi və Texnoloji Əməkdaşlığın İnkişafı Təşkilatının nümayəndələri GATE-2025 sammitində iştirak ediblər.
Bu sammit Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və UNICEF tərəfindən birgə təşkil olunub və BMT-nin Uşaq Fondu (UNICEF) ilə İran İslam Respublikası arasında 2023-2027-ci illəri əhatə edən əməkdaşlıq proqramı çərçivəsində keçirilib.
Biotexnologiya, Sağlamlıq və Tibbi Texnologiyalar üzrə Qərargahın katibi Mustafa Qanei bu sammitdə İranın “yardımçı texnologiyalar” sahəsində gördüyü işləri şərh edib və Ümumdünya Səhiyyə Təşkilatının 5P modeli əsasında Elmi Müavinliyin siyasət, istehsal və yardımçı texnologiyaların təminatı sahəsində atdığı addımları izah edib.
O, Elmi Müavinliyin UNICEF-lə əməkdaşlığına toxunaraq, xüsusilə rəqəmsal texnologiyaların inkişafı və tətbiqinin əhəmiyyətini vurğulayıb və şirkətləri öz məhsullarını rəqəmsal formatlara çevirməyə təşviq etmək üçün həyata keçirilən təşəbbüsləri izah edib. Qanei bildirib ki, bu yanaşma korluqla bağlı məhsullarda uğurla tətbiq edilib.
UNICEF-in Yardımçı Texnologiyalar Proqramının mütəxəssisi Fernando Botelho isə İran İslam Respublikasının səylərini yüksək qiymətləndirərək, İran tərəfindən təqdim olunan modelləri inkişaf etməkdə olan digər ölkələr üçün nümunəvi model kimi təqdim edib.
Beynəlxalq Elmi və Texnoloji Əməkdaşlıqların İnkişafı Təşkilatının Texnologiya Mübadiləsi Ofisinin hesabatına görə, zident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat üzrə Müavinliyinin UNICEF-lə əməkdaşlığı 2019-cu ildən başlayıb və indiyədək uşaq və yeniyetmələr sahəsində iki innovasiya çağırışı tərəflərin iştirakı ilə təşkil olunub.
Uşaq və yeniyetmələrin yardımçı texnologiyalara çıxış imkanlarının artırılması, İran ilə UNICEF arasında əməkdaşlıq proqramının əsas prioritetlərindən sayılır.
İranın texnologiya sahəsində əldə etdiyi nailiyyətlərin, siyasətlərin və yardımçı texnologiyalar üzrə fəaliyyət göstərən bizneslərin dəstəklənməsi istiqamətində atdığı addımların beynəlxalq cəmiyyətə təqdim olunması, eləcə də beynəlxalq tədbir və proqramlarda iştirak bu əməkdaşlığın digər mühüm istiqamətlərindəndir.
Bundan əlavə, uşaq və yeniyetmələr üçün innovasiya ekosisteminin formalaşdırılması, maraqlı tərəflərin cəlb olunması və bu sahəyə investisiya yatırılması, fəal şirkətlərin müəyyənləşdirilməsi və dəstəklənməsi yolu ilə çıxış imkanlarının artırılması indiyədək Prezident yanındakı Elmi Müavinliyi ilə UNICEF arasında əməkdaşlığın əsas fəaliyyətləri sırasında olmuşdur.