2025-ci ilin başlaması ilə İranda hazırlanmış uzaqdan cərrahiyyə robot sistemi “Sina”nın üçüncü və dördüncü nümunələri İndoneziyanın Medan və Makassar şəhərlərində təlim mərhələsinə qədəm qoydu. Bu sistemin yüksək keyfiyyəti və dəqiqliyi indoneziyalı cərrahları heyrətləndirib.
Xarici KİV-in verdiyi məlumata görə, indoneziyalı cərrahlar bu sistemin işləməsini məmnuniyyətlə qiymətləndirib. Belə ki, Bandung və Yokcakarta şəhərlərində daha əvvəl “Sina” robotu ilə cərrahiyyə təlimi almış 112 cərrahdan əlavə, Medan və Makassar şəhərlərində bir neçə yeni cərrah da təlim kursları keçmək üçün qeydiyyatdan keçib.
Bu sistem, ölkənin ağıllı və gənc mütəxəssislərinin 20 illik səyləri nəticəsində yaradılıb və iki əsas hissədən ibarətdir: birinci hissə, cərrahın əl hərəkətlərini qəbul edən və titrəmələri aradan qaldırıb, ölçüləndirmə apararaq dərhal ikinci hissəyə, yəni xəstənin yanındakı robot cərraha göndərən cərrahiyyə konsoludur.

Sina robot cərrahları xəstənin yanında 5 millimetrlik alətlərlə işləyərək insan əlindən daha yüksək hərəkət qabiliyyətinə sahibdir və cərrahın xəstənin içindəki əl hərəkətlərini yerinə yetirir. Bu şəkildə açıq əməliyyatlarla edilən və ənənəvi laparoskopya ilə mümkün olmayan əməliyyatları, robot cərrahların yardımı ilə xəstəyə minimal zərər verərək, yalnız 5 millimetrlik bir neçə kəsiklə icra etmək mümkündür. Bu da bərpa müddətini bir neçə həftədən bir günə qədər azaldır.
Ölçüləndirmə xüsusiyyəti sayəsində cərrahın əlini bir santimetr hərəkət etdirməsi ilə cərrahiyyə alətləri xəstənin bədənində bir millimetr hərəkət edir. Beləliklə, cərrah çox incə bir tikişi on dəfə böyüdərək konsolda icra edə bilər, robot isə eyni tikişi bədənin içində onda bir ölçüdə təkrarlaya bilər.
Bu sistem qarın, pelvik və döş qəfəsi əməliyyatlarının hamısını həyata keçirə bilmək üçün hazırlanıb, amma hər bir əməliyyat növü üçün klinik araşdırmaların aparılması və bu sistemin hər bir əməliyyat növündə dəqiq işləməsinin qiymətləndirilməsi vacibdir.
Bu sistem hal-hazırda nəzərəçarpan nailiyyətlər əldə edib və Tehran Tibb Universitetində hazırlanıb. Heç bir xarici modeldən tərsinə mühəndisliklə işlənməmiş və ya kopyalanmamışdır, tamamilə İranlı mütəxəssislərin yaradıcılığı və bacarığı əsasında ixtira edilmişdir.
Bu məhsul ABŞ və digər Qərb və Şərq ölkələrində on patentin qeydiyyatına və dünya miqyasında 70-dən çox nüfuzlu məqaləyə səbəb olmuşdur. Məhsulun bütün xüsusi hissələri ölkə daxilində dizayn və istehsal edilmişdir. Yerli istehsal üçün iqtisadi əsası olmayan adi hissələrin yalnız beş-on faizi xaricdən gətirilib.

Bu məhsulun əsas üstünlüklərindən biri hər bir əməliyyat üçün ilkin xərclər, saxlanma xərcləri və istehlak materiallarının ucuz olmasıdır (xarici nümunələrin qiymətinin beşdə biri). Bu, inkişaf etməkdə olan ölkələrdə iqtisadi gücü olmayan xəstələr üçün olduqca vacibdir və digər rəqibləri ilə müqayisədə yüksək cazibə yaradacaq.
Bu məhsulun diqqətəlayiq uğurlarından biri, İndoneziya tərəfindən iki cihazın satın alınması və ilk uzaqdan robot cərrahiyyə nümayişinin iki ölkənin prezidentinin iştirakı ilə 500 kilometr məsafədə həyata keçirilməsidir.
İndoneziya Səhiyyə Nazirliyi bu məhsulun həmin ölkədə inkişafı üçün iki yeni cihaz sifariş etmiş və 3500 kilometr məsafədəki qərb adalarından şərq adalarına uzaqdan cərrahiyyə tələbini irəli sürmüşdür.
Bu, digər rəqiblərin İndoneziya bazarından “Sina”nı çıxarmağa çalışdığı və Səhiyyə Nazirliyinə öz cihazlarını pulsuz təqdim etmə təklifi irəli sürdüyü bir şəraitdə baş verib.
Qeyd etmək lazımdır ki, bu sistemin ölkə daxilindəki bütün texniki standartları əldə edilmiş və cihazın heyvanlar və meyit üzərində öncül testləri tamamlanmışdır. Hazırda isə könüllü xəstələr üzərində klinik tədqiqat mərhələsi davam edir.