İranın elm təməlli şirkətləri müxtəlif sənaye sahələrində istifadə edilən və insan əməyi əvəzinə toksikologiya laboratoriyalarında istifadə oluna bilən robot qolu dizayn edib hazırlayıb.
Bircənd şəhərinin Texnologiya Bölmələrinin İnkişaf Mərkəzində yerləşən elm təməlli şirkətlərdən biri İnnovasiya və Rifah Fondundan aldığı dəstək sayəsində yeni qurulmuş bir startap olaraq “Delta robotik qolu”nu xaricdən idxal olunan oxşar məhsullardan xeyli daha aşağı qiymətə dizayn edib və istifadəyə verməyə müvəffəq olub.
Bu şirkətin icraçı direktoru Hamed Pamorği “Delta robotik qolu”nun fabrik və sənaye sahələrindəki tətbiqləri barədə bildirib: Bu məhsulun əsas istifadəsi ümumilikdə qablaşdırma sənayesindədir. Delta robotik qolunun əsas funksiyası əşyaların daşınması və ya “pick and place” əməliyyatıdır; məsələn, bu cihaz istehsal xəttində meyvə suyu şüşəsini götürüb qutunun içinə yerləşdirə bilər. Onun digər mühüm funksiyası isə çeşidləmə (sıralama) əməliyyatıdır. Bu cihaz maşın görmə və maşın öyrənməsi texnologiyalarının köməyi ilə məhsulları dərəcələndirmək və ya istehsal xəttində qüsurlu məhsulları müəyyən edib ayırmaq qabiliyyətinə malikdir. Robota bir kamera da qoşulub ki, avtomatik olaraq hissələri tanıyır və emal edir. Bu robot üçölçülü hərəkət qabiliyyətinə malikdir və iş sahəsində, qablaşdırma və çeşidləmə ilə yanaşı, son ucluğuna xüsusi bir alət əlavə etməklə onu bir alət dəzgahı kimi də istifadə etmək mümkündür.
Bu robotik qolun digər robotik qollarla müqayisədə əsas üstünlüyü onun yüksək sürətidir ki, saniyədə 3 metrə qədər çatır və xarici nümunələrlə müqayisə oluna bilər. Bu robotların başqa bir üstünlüyü isə istehsal xəttində yerləşmə tərzidir – çox az yer tutur; məsələn, bu robot konveyer lentinin üzərində yerləşdirilir və məhdud bir sahədə bir neçə robot yerləşdirmək mümkündür. Bu robotik sistemin effektivliyi o zaman daha aydın görünür ki, bir neçə robot yanaşı işləyir, bir-biri ilə qarşılıqlı əlaqədə olur və aralarında kollektivi şəkildə işləyə bilən süni zəka əlaqəsi qurulur.
Pamorği bu məhsulun təhlükəli sənaye sahələrində və təhlükəli mühitlərdə məhsul ayrılmasını asanlaşdırmaq məqsədilə istifadəsi barədə bildirib: Delta robotik qolu sisteminin zəhərli qazların olduğu laboratoriya mühitlərində və təhlükəli sahələrdə bir sıra fəaliyyətləri yerinə yetirməsi mümkündür. Ümumilikdə, bu məhsul istehsal xəttinin keyfiyyətini, sürətini və effektivliyini çox böyük dərəcədə artırır.
