İranın qabaqcıl damperli maşını, ölkədə sənayenin tədqiqat və inkişaf və bilik əsaslı texnologiyalar istiqamətində irəliləyişinin nəticələrindən biridir.
Bu yaxınlarda İranda 150 tonluq ilk nümunə olan özünü idarə edən və elektriklə işləyən damperli maşın təqdim edilib. Bu, öz növündə qabaqcıl bir texnologiyadır və onu “Bilik Əsaslı İstehsalın İnkişafı” qanununun uğurlarından hesab etmək olar. Bu qanunun ən böyük məqsədlərindən biri böyük sənaye şirkətlərini texnoloji və bilik əsaslı fəaliyyətlərlə birləşdirməkdir.
Bu nəhəng maşın, yalnız İran istehsalı oxşar nümunələr arasında ən ağır yükləri daşımaq qabiliyyətinə malik olmaqla qalmayıb, həm də onun gənc və ixtisaslı komandası İranı bu avadanlığı istehsal edən nadir ölkələr sırasına daxil edib.
Damperli maşınlar, sənaye texnikası arasında ən vacib maşınlardan biri kimi, xüsusilə İranın mədən sənayesində əsas rol oynayır. Ölkənin mədənlərinin genişliyi və daş, dəmir filizi və digər mineral maddələrin yüksək həcmdə hasilatı nəzərə alındıqda, bu maşınların istifadəsi böyük həcmdə materialların sürətli və təhlükəsiz daşınmasını mümkün edir.
Mərkəzi idarəetmə sistemi ilə yanaşı, şassi, yük hissəsi, sürücü kabini və hidravlik sistemin bir hissəsi tamamilə ölkə daxilində dizayn edilərək istehsal olunub. Layihə tamamlandıqda, İran nəhəng mədən yük maşınları texnologiyasına sahib olan məhdud ölkələr qrupuna qoşulacaq.


Sənayenin elm təməlli şirkətlərlə uğurlu əməkdaşlığı
Özünü idarə edən elektromexaniki damperli maşın, İran Milli Mis Sənayesi Şirkəti ilə bilik əsaslı şirkətlər arasında yeni əməkdaşlığın məhsuludur. Bu şirkət son illərdə “Bilik Əsaslı və Yerli İstehsal Mərkəzi” adlı bir qurum yaradıb ki, bilik əsaslı layihələr vasitəsilə ölkənin mədən sektorundakı sanksiya və məhdudiyyətləri aradan qaldırmağa kömək etsin.
İran Milli Mis Sənayesi Şirkətinin baş direktoru Seyid Müstəfa Feyz-in sözlərinə görə, bu damperli maşın, İran Milli Mis Sənayesi Şirkətinin investisiyası ilə istehsal olunub və bütün texniki testlərdən keçib.
Qeyd etmək lazımdır ki, İran indiyə qədər 40, 60 və 100 tonluq dizel damperli maşınların kütləvi istehsalında uğur qazanıb. Həmçinin, Arakdakı Hepco şirkəti son illərdə 100 tondan yuxarı damperli maşınların istehsalı üçün imkanlara və planlara malik olduğunu bildirib.
150 tonluq özünü idarə edən damperli maşın, ölkədə bilik əsaslı mütəxəssislər və texnoloqlar tərəfindən 2 illik araşdırma və tədqiqatların nəticəsidir. Onu hökumətin tədqiqat və inkişaf (R&D) sahəsində təşviqedici siyasətlərinin bir nümunəsi kimi qiymətləndirmək olar.