İran İslam Respublikası Ordusunun Quru Qoşunları komandanının müavini bildirib: Ordunun döyüş sisteminə yeni daxil edilən ən müasir PUA sistemlərindən olan üç yeni aparat – “Homa” vertikal qalxan PUA, “Dideban Nezaca” vertikal qalxan müşahidə PUA-sı və “Şahin-1” adlı məhvedici FPV kvadkopter sistemi təqdim olunub.
Cümə axşamı günü Silahlı Qüvvələrin Baş Qərargah rəisi və onu müşayiət edən heyətin Zahidandakı 88-ci Divizion Əməliyyat Qərargahı və 188-ci Zirehli Briqadasına səfəri çərçivəsində, eləcə də Quru Qoşunlarının döyüş sisteminə üç yeni PUA sisteminin və digər müasir kəşfiyyat avadanlıqlarının Sistan və Bəlucistan bölgəsində yerləşən bölmələrə təhvil verilməsi mərasimində çıxış edən general-mayor Nouzər Neməti bildirib: “Homa” adlı vertikal qalxan pilotsuz uçuş aparatı 12 min futdan (təxminən 3.600 metr) yüksəkliyə qalxmaq qabiliyyətinə malikdir və gecəgörmə imkanları ilə, uçuş zolağına ehtiyac duymadan, elektron müharibə şəraitində müxtəlif kəşfiyyat missiyalarını uğurla yerinə yetirə bilir.
O, sözlərinin davamında deyib: “Didəban Nəzaca” adlı vertikal qalxan PUA da yüngül və daşıması asan olan aparatlardandır. Gündüz və gecə görüntü qabiliyyətinə sahib bu aparat, hədəfin dəqiq mövqeyini müəyyənləşdirmək bacarığına malikdir. Bu PUA 6000 fut (təxminən 1800 metr) uçuş yüksəkliyi ilə uçuş zolağına ehtiyac olmadan istənilən nöqtədən müxtəlif kəşfiyyat və hədəf mövqeyi təyinetmə missiyalarını, o cümlədən elektron müharibə şəraitində uğurla yerinə yetirə bilir.
Ordunun Quru Qoşunları komandanının müavini əlavə olaraq bildirib: Bu sistemin əsas üstünlüyü, çoxsaylı aparatın eyni vaxtda uçuş və monitorinq imkanına malik olmasıdır ki, bu da bir neçə bölgənin eyni anda nəzarət və hədəfə alınmasına şərait yaradır.
O, həmçinin vurğulayıb: “Şahin-1” adlı məhvedici FPV kvadkopter sistemi gələcək müharibələrin təhlükələrinə qarşı mübarizədə yeni və müasir sistemlərdən biridir. Uzunmüddətli uçuş imkanı, əməliyyat məsafəsi və müxtəlif əməliyyat növlərinə uyğun uçuş hündürlüyü kimi əsas xüsusiyyətlərə malik olan bu aparat, yüksək manevr qabiliyyəti və sürəti ilə düşmənin bütün sabit və hərəkətli hədəflərini dəqiqliklə vuraraq məhv edə bilir.
General-mayor Neməti Quru Qoşunlarının gələcək müasir müharibələr sahəsindəki qabaqcıl mövqeyinə işarə edərək deyib: Bu gün Quru Qoşunları gələcək döyüş səhnələrinin tələblərini düzgün anlayaraq, hərbi və müdafiə sahəsində nano-uçuş aparatları, PUA-lar, pilotsuz texnikalar və süni intellekt kimi ən son texnologiyalara yönəlmiş yatırımlara ciddi şəkildə start verib və bu strateji sahədə fəal şəkildə sərmayə yatırmağa başlamışdır.
O, qeyd edib: Məhz bu yatırımlar, düzgün planlaşdırmalar, həmçinin bu cür səmərəli və güc yaradan sahələrdə davamlı araşdırma, təşviqat və inkişaf sayəsindədir ki, bu gün Ordu Quru Qoşunları ölkənin Silahlı Qüvvələri daxilində müasir hərbi və müdafiə nailiyyətlərinin imkan və gücündən istifadə sahəsində qabaqcıl və öncül bir qüvvə kimi tanınır.
Ordunun Quru Qoşunları komandanının müavini bildirib ki, bu nailiyyətlərin hamısı tamamilə yerli imkanlarla və ölkə daxilindəki sənaye ustalarının zəkası və bacarığına əsaslanaraq hazırlanıb. O, vurğulayıb: Quru Qoşunlarında istifadə edilən bütün silahlar, texniki vasitələr və hərbi avadanlıqlar – uzaqmənzilli atəş qabiliyyəti, dəqiq nişan alma, ağıllı idarəetmə və şəbəkə əsaslı olma xüsusiyyətləri ilə yanaşı – tamamilə yerli istehsaldır və bu sahədə Nəzaca Özünütəmin Cihad Təşkilatının, eləcə də Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi ilə əlaqəli sənaye mütəxəssislərinin, mühəndislərinin, ixtiraçılarının və sənayeçilərinin zəka, yaradıcılıq və iradəsinə söykənilmişdir.
Bundan əlavə o, deyib: Bu müasir, yenilənmiş və ağıllı silahlar, texniki vasitələr və təchizatlar Quru Qoşunlarının geniş silahlanma və əməliyyat gücünün yalnız bir hissəsini təşkil etsə də, hazırda sürətli reaksiya və hücum qabiliyyətinə malik mobil bölmələrin ixtiyarındadır ki, ölkənin sabit təhlükəsizliyinə qarşı hər cür təhdidə ən qısa zamanda cavab verə bilsinlər.