İran qanda hemoqlobin ölçən cihaz istehsalçıları arasına qoşulub

Elm təməlli şirkətlərdən birinin tədqiqatçıları İnnovasiya və Rifah Fondunun dəstəyi ilə ölkədə ilk dəfə olaraq daşına bilən (portativ) qanda hemoqlobini ölçən cihaz hazırlamağa müvəffəq olublar. Bu, biliyə əsaslanan və çox qabaqcıl (High Tech) tibbi avadanlıqlardan sayılır.

İnnovasiya və Rifah Fonduna istinadən verilən məlumata əsasən, tibbi avadanlıqların istehsal sahəsi İranın elm təməllilərinin parlaq performans göstərdikləri sahələrdən biridir. Onlar ölkənin bu avadanlıqlara olan ehtiyacını aradan qaldırmaqla yanaşı, ölkə üçün ixracat və valyuta mübadiləsi imkanı yaradıblar.

Qabaqcıl tibbi avadanlıqlar sahəsində fəaliyyət göstərən elm təməlli bir şirkət mütəxəssislərin, xüsusən də gənc professor və elitaların köməyi ilə keyfiyyətli və müasir standartlara cavab verən müxtəlif növ məhsullar hazırlamağa müvəffəq olub, İran Qanköçürmə və Qırmızı Aypara kimi təşkilatların ehtiyacını təmin edib.

Bu şirkətin istehsal etdiyi məhsullardan biri qanda hemoqlobin konsentrasiyasının ölçülməsi üçün daşına bilən cihazdır. Bu cihaz dünyada az sayda şirkət tərəfindən istehsal olunur və bundan öncə İrana xaricdən gətirilirdi. Hazırda ölkə ehtiyacının üçdə biri bu şirkətin istehsal etdiyi məhsullarla təmin edilir və istehsal həcminin artması ilə tezliklə bu məhsulun idxalına olan ehtiyacın aradan qalxması gözlənilir.

Qanda hemoqlobini ölçən cihazın xüsusiyyəti

Yenidən doldurulma qabiliyyətinə malik batareya ilə birlikdə 320 qr çəkiyə malik kiçik ölçü, üç mərhələli funksiya, əl ilə kalibrləmə qabiliyyəti, 15 saniyədən az bir vaxtda nəticə əldə etmə və çox yüksək dəqiqlik şirkətin istehsal etdiyi OptoHb qanda hemoqlobin konsentrasiyasının ölçülməsi üçün daşına bilən cihazın xüsusiyyətlərindəndir. Bu cihaz qan köçürmə mərkəzlərində, plazmaferez mərkəzlərində, talassemiya müalicəsi mərkəzlərində, əməliyyat otaqlarında, reanimasiya şöbələrində və təcili yardım maşınlarında istifadə edilə bilər.

Professor və elm təməlli şirkətin baş direktoru Məhəmməd Əli Ənsari bu qabaqcıl tibbi avadanlığın hazırlanma prosesi barəsində deyib: Qanda hemoqlobini ölçən cihazın dizaynı və istehsalı barədə ilk ideya universitetdə və İran Qanköçürmə Təşkilatı kimi təşkilatlarda mövcud olan ehtiyac əsasında meydana gəlib. Amma bu məhsulun ölkədə yerli oxşar nümunəsi yox idi. Bu cihazı dünyada yalnız Almaniya və İsveç şirkəti istehsal edir və ölkənin bu tibbi avadanlığa olan bütün ehtiyacı idxal yolu ilə təmin olunurdu. Covid 19 epidemiyasından və dolların qalxmasından sonra tibbi avadanlıqların, o cümlədən Qanda hemoqlobini ölçən cihazın ölkəyə gətirilməsində problemlər yarandı. Beləliklə də, bu məhsulun ölkədə lokallaşdırlma zərurəti ciddi şəkildə hiss olundu.

O, sözlərinin davamında bildirib: Bu şirkətdə fəaliyyət göstərən bir qrup professor, mütəxəssis və elitanın əməkdaşlığı ilə qanda hemoqlobini ölçən cihazın ilkin nümunəsinin dizaynı və hazırlanmasına nail olub, yüksək keyfiyyətli və müasir standartlara uyğun bir məhsul istehsal etməyə çalışdıq. Səhiyyə Nazirliyindən lazımi lisenziyalar almaqla bu cihazın sənaye istehsalı mərhələsindəyik və ölkə daxili ehtiyacın üçdə birini təmin edirik.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir