İranlı ixtiraçı xüsusi bir yenilik və ürəyin maqnit xüsusiyyətindən istifadə etməklə süni bir ürək hazırlamağa müvəffəq olub. Bu süni ürəyin heyrətamiz mürəkkəbliyi var və əvvəlki nümunələrdən çox fərqlənir.
Ürək bədənin çox çalışan və həyati əhəmiyyətli bir üzvüdür. O, hər bir insanın ömründə orta hesabla 2.5 milyard döyüntü ilə təxminən 1.5 milyon çəllək qanı bütün bədənə paylayır. Bu həyati əhəmiyyətli üzv müxtəlif səbəblərdən öz vəzifəsini yaxşı yerinə yetirməyə bilər. Belə olduqda, xəstəyə dərman və ürək transplantasiyası kimi müalicələr zəruridir.
Bəzən bu müalicələrin nəticəsi olmur yaxud bəzi ürək əməliyyatlarında ürəyin müəyyən vaxt ərzində dayandırılmasına ehtiyac yaranır və belə bir şəraitdə hər hansı bir cihaz ürəyin vəzifəsini yerinə yetirməlidir. Bütün bu amillər tədqiqatçıları və həkimləri ürəklə eyni funksiyaya malik cihazın ixtira olunmasına vadar edib.
Süni ürəyin ixtirası əhəmiyyətli tibbi nailiyyət sayılsa da, indiyə qədər onların ən yaxşısı bir neçə aydan çox xəstənin bədənində qala bilməyib. Sinənin xaricində olan süni ürək növləri də hazırlanıb, amma onların da özünəməxsus problemləri var və onunla yaşamaq xəstə üçün asan deyil. Bu inkişaflar həmişə böyük xərclərə, məhdudiyyətlərə və çoxlu yan təsirlərə malik olub.
Bu yaxınlarda iranlı ixtiraçı Məhəmməd Seyid Hüseyni tərəfindən hidromaqnit süni ürək ixtirası qeydə alınıb. Bu ixtira mürəkkəb sistemli və insan ürəyinin xüsusiyyətləri ilə bağlı bir şəkildə hazırlanıb. O, əvvəlki ixtiralardan fərqlənir və tamamilə praktikidir. Bu ixtira 2023-cü ildə tibb sahəsində ilin ən üstün ixtirası olaraq tanınıb və Cenevrədə keçirilən ixtiraçılar müsabiqəsinin qızıl medalına layiq görülüb.
Seyid Hüseyni verdiyi müsahibədə bu cihaz barəsində deyib: Bu ürəyin hazırlanması Tesla zamanından və indi xüsusi bir dahiliklə kəşf olunmuş qabaqcıl texnologiya növü əsasındadır və insan xəstəliklərinin müalicəsi, süni üzvlərin hazırlanması üçün yeni üsulun başlanğıcıdır.
O, vurğulayıb ki, bu ixtira gəlir əldə etmək deyil, xeyirxahlıq və insanlara kömək məqsədi daşıyır. Amma onun inkişaf və tərəqqisi üçün maddi və mənəvi dəstəyə ehtiyac var.
İranlı ixtiraçı bu ixtiranın üstünlükləri barəsində deyib: Bu ürəyin mövcud olan digər süni ürəklərlə müqayisədə 6 üstünlüyü var. Onlardan ən mühümü transplantasiya zamanı ölçüyə sahib olmasıdır. Nəticədə, hər yaş və çəkidə olan insan üçün hər bir döş qəfəsinə uyğun olaraq istifadə oluna bilər.
O, əlavə edib: Bu ürək laxtalanma sistemini stimullaşdırmır və xəstənin qanının parçalanması kimi mənfi təsirlərə səbəb olmur, antikoaqulyantların da istifadəsinə ehtiyac yoxdur. Buna görə də, laxtalanma və qanaxmanın qarşısın alır. Həmçinin bu ürək bədənin immun sistemini stimullaşdırmır. Buna görə də, immunosupressiv dərmanların istifadəsinə ehtiyac yoxdur və imtina və fürsətçi infeksiyalar ehtimalı minimuma enir.
Seyid Hüseyni qeyd edib: Bu süni ürəyin sadə və innovativ funksiyası və qurluşu var ki, bu da xarab olma yaxud işləməmə ehtimalını sıfıra endirir. Onun kütləvi istehsalı əvvəlki sifariş yaxud laboratoriya yetişdirilməsinə ehtiyac olmadan mümkündür. Bu süni ürək açıq ürək əməliyyatında iki saatdan az bir vaxtda və təcili surətdə hər bir insana quraşdırıla bilər.
Onun sözlərinə görə, xəstənin orqanizminin bu süni ürəyi qəbul etməyi sadə və mümkündür, xəstədə pis bir hiss yaratmır və xəstənin yeni üzvlə uyğunlaşması çox rahatdır.
Seyid Hüseyni bu süni ürəyin digər üstünlüyü barəsində deyib: Bu ürək tamamilə ağıllı olaraq hazırlanıb. O, yeni maqnit doldurma sistemlərinin köməyi ilə doldurulur və Wifi vasitəsilə sağlamlıq sisteminə və cərrahiyyə qrupuna qoşulub, 24 saat nəzarət altında olur.
O, xatırladıb: Bu ixtira ötən il qeydə alınıb və Cenevrə müsabiqəsində qızıl medal qazanaraq, 2023-cü ilin ən üstün ixtirası kimi təqdim edilib. Amma təhlükəsizlik məsələlərinə görə, onun təfərrüatları açıqlanmayıb. Mən də bu layihənin ixtiraçısı olaraq bu ixtiranın ölkə daxilində fəalliyyətə keçməsinə üstünlük verirəm.

