İranlı tədqiqatçı mikro CT skan cihazı hazırlayıb

Tehran Tibb Elmləri Universitetinin akademik heyətinin üzvü sanksiyalar səbəbindən ölkəyə idxalına icazə verilməyən cihazın yerli istehsalını həyata keçirərək, müxtəlif kiçik sənaye nümunələrinin mikrostrukturunun görüntülənməsi üçün mikro CT skan cihazı hazırlamağa müvəffəq olub.

Hüseyn Qədiri Hərvani verdiyi müsahibədə CT skan cihazının hazırlanması ideyası barədə belə açıqlama verib:

“Bir çox tədqiqatların əsas sahələrindən biri strukturun üçölçülü görüntülənməsidir. Lakin ölkəmizin sanksiyalar şəraitində olması səbəbindən bu cihaz idxal edilmir.”

O, əlavə edərək bildirib: “Universitetlər 7-8 il əvvəl bu cihazlara ehtiyac olduğunu bildirmişdilər. Ölkə daxilində bu cihazlara çıxışın zəruriliyi onun istehsalı ideyasının formalaşmasına səbəb oldu.”

Tehran Tibb Elmləri Universitetinin akademik heyətinin üzvü öz layihəsi barədə belə açıqlama verib:

“LOTUS-NDT” adlı sənaye mikro CT skan cihazı, ən qabaqcıl görüntüləmə alətlərindən biridir. Rentgen şüalarından istifadə edərək, müxtəlif nümunələri üçölçülü və mikron (mikrometr) səviyyəsində yüksək dəqiqliklə görüntüləmə qabiliyyətinə malikdir.

Qədiri Hərvani əlavə edib: “CT cihazları ümumilikdə üç kateqoriyaya bölünür: xəstəxana CT-si, sənaye CT-si və mikro CT. Mikro CT cihazı isə görüntü keyfiyyəti və tətbiq sahələrinə görə digər iki növdən fərqlənir.”

Bu tədqiqatçı sözlərinin davamında bildirib: “Mikro CT xüsusi olaraq kiçik və yüksək dəqiqlikli nümunələrin görüntülənməsi üçün hazırlanıb və nümunələri zədələmədən 2 mikrometrdən az ölçüdə yüksək keyfiyyətli üçölçülü görüntülər təqdim edə bilir.”

Tehran Tibb Elmləri Universitetinin akademik heyətinin üzvü, həmçinin bildirib: “Bu cihaz hazırda tədqiqat prosesinə daxil edilib və bir neçə universitet tərəfindən satın alınıb. Tədqiqatçılar elmi məqalələrinin hazırlanmasında bu cihazdan istifadə edirlər.”

Qədiri Hərvani qeyd edib: “Bu cihaz bioloji, kənd təsərrüfatı, neft, qaz və polimer sahələrində tətbiq olunur. Məsələn, bioloji sarğıların hazırlanmasında mikron ölçüsündə düzgün qurulub-qurulmadığını yoxlamaq lazımdır. Neft və qaz sahəsində süxurların daxili quruluşunu müşahidə etməyə ehtiyac var. Kənd təsərrüfatında isə zərərvericilərə qarşı dərmanlar hazırlamaq üçün bir neçə millimetr ölçüsündə olan həşəratların bədənini skan edərək tədqiqatçılara detallı məlumat təqdim etmək mümkündür. Bu cihaz kiçik nümunələrin üçölçülü görüntülənməsini təmin edir.”

Mikro CT skan cihazı, Elektrik və Kompüter Mühəndisliyi ixtisas qrupundan olan və 38-ci Xorəzmi Beynəlxalq Festivalında tətbiqi layihələr kateqoriyasında üçüncü yeri qazanan seçilmiş tətbiqi layihələrdən biridir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir