Yaxın günlərdə iranlı həkimlər regionda ilk dəfə olaraq ananın bətnində uşağın beynini müalicə ediblər. Bu səbəblə də İranın inqilabdan əvvəlki dövrdəki tibbi vəziyyətinə bir nəzər salaq. O dövrdə ölkənin şahı sadə xəstəliklərdən ötrü xaricə gedirdi.
Xəbər agentliklərindən birinin müxbiri bu ilin Yanvar ayının 8-də İmam Xomeyni (r.ə) xəstəxanasına gedərək ananın bətnindəki körpənin cərrahiyyə əməliyyatı barəsində reportaj hazırlayıb. Belə bir cərrahiyyə əməliyyatının iranlı həkimlər tərəfindən İran xəstəxanalarının birində baş tutması o qədər fəxrli olub ki, hətta qeyri-İran mediası bu barədə şövqlə danışır.
Amma Pəhləvi dövrünə və o dövrdəki tibbi vəziyyətə nəzər salmaq maraqlı olar. ABŞ Rutgers Universitetinin professoru bu barədə deyir: “Biz şahın dövründə Banqladeşdən həkim gətirirdik, amma indi (başqa yerə) həkim göndəririk. Bu, bir reallıqdır.”

Əslində, İran Pəhləvinin dövründə o qədər həkim çatışmazlığı ilə üz-üzə idi ki, Hindisdan, Pakistan və Banqladeş kimi ölkələrdən həkim gətirməyə məcbur idi.
Şah zamanındakı həkim çatışmazlığı barəsində Financial Times-ın keçmiş müxbiri “Robert Qraham” “İran: Qüdrət ilğımı” kitabında yazır: “Tibb və orta tibb mütəxəssislərinin çatışmazlığı o qədər idi, məsələn, 1976-cı ilin Fevral ayında Abadandakı ən böyük dövlət xəstəxanasının laboratoriyası (lazımı mütəxəssislər olmadığından) bağlandı.”
Təbii ki, bu barədə hətta xəstəxana çarpayılarının saylarını göstərən daha dəqiq statistikalar mövcuddur.
Oxford Universitetinin Şərqşünaslıq fakültəsinin üzvü “Məhəmməd Əli Katuzian” “Müasir İranın siyasi iqtisadiyyatı: tiranlıq və psevdomodernizm” kitabında yazır: Rəsmi statistikaya əsasən, 1976-cı ildə 3000 nəfərə 1 həkim, 19000 nəfərə 1 diş həkimi və 711 nəfərə 1 xəstəxana çarpayısı düşürdü. Bunlar bütün ölkə üzrə orta göstəricilərdir. Həkimlərin, diş həkimlərinin və xəstəxana çarpayılarının yarısı yalnız Tehranda idi.”

Bu dövrdə tibbi vəziyyətdən daha çox diqqət mərkəzində olan məsələ inqilabdan əvvəki həkimlərin keyfiyyət və səmərəlilik səviyyəsidir.
O vaxtkı baş nazir və Pəhləvinin saray naziri Əsədullah Ələm 11.04.1972-ci ildəki xatirələrində yazır: “Ələm xanımın və ülyahəzrət Mələke Pəhləvinin gözünü əməliyyat edən həkimlər axşam mənim qonağım oldular. Bizim tibbin pis vəziyyətindən o qədər danışdılar ki, həqiqətən xəcalətdən tər tökdüm. Onlardan biri deyirdi: Nümunə olaraq mənə Tehran Universitetinin Tibb fakültəsindəki göz əməliyyatı ilə bağlı video göstərdilər. Əgər əməliyyat zamanı orada olsaydım, işi əməliyyat aparan həkimin əlində alıb, özüm yerinə yetirməyə məcbur olardım. Çünki onun bu əməliyyatla xəstənin gözünü kor edəcəyinə əmin idim.” (Əsədullah Ələm xatirələri, cild-2, səh 218)

İşarə olunduğu kimi İranda tibbin vəziyyəti o qədər böhranlı idi ki, Pəhləvi hökuməti xalqa səhiyyə xidmətləri göstərmək üçün hindistanlı, pakistanlı və banqladeşli həkimlərdən kömək almağa məcbur idi. Xalqın tibbi problemləri üçün digər ölkələrdən həkim gətirdikləri halda Məhəmməd Rza şahın özü və Pəhləvi ailəsi tibbi müayinə və müalicə üçün Qərb, başqa sözlə desək, dünyanın birinci ölkələrinin həkimlərindən istifadə edirdilər. Hətta şah sadə diş ağrısı üçün Avropa və Amerikaya gedirdi.

Əsədullah Ələm bu barədə 5.04.1969-cu ildə belə yazır: “Şahənşahın dişləri ağradı. O, iki günlük Sürixə getmək qərarına gəldi.” (Əsədullah Ələm xatirələri, cild-1, səh 164-165)
Həmçinin Əsədullah Ələm 9.02.1976-ci il xatirələrində yazır: “Səhər fransız həkimləri şahənşahı müayinə etmək və qan götürmək üçün Dizinə (İranın xizək kurortu) yola saldım.” (Əsədullah Ələm xatirələri, cild-5, səh 445)

Ələm xatirələrinin başqa hissələrində də bu məsələyə çoxlu toxunub. Təbii ki, şahın öz xəstəliklərinin müalicəsi üçün qərbli həkimlərdən istifadə etməsi onun iranlı həkimlərə güvənmədiyini göstərir.
