Şəhid Müdərris Əczaçılıq, Kimya və Qida Sənayeləri Qrupunun baş direktoru sorbitol istehsal xəttinin yenidən işə salınmasına toxunaraq deyib: Sorbitol istehsalı zavodu İranda və Qərbi Asiyada sorbitol istehsal edən yeganə zavoddur. İldə 7500 ton maye şəklində 70% sorbitol istehsal etmək qabiliyyətinə malik zavod tam işə salınması ilə 6000 nəfər üçün iş yeri yaradacaq.
Şəhid Müdərris Əczaçılıq, Kimya və Qida Sənayələri Qrupu Şirkəti 1986-cı ildə fəaliyyətə başlayıb və 1995-ci ildə şirkətin sorbitol istehsal xətti işə salınıb. Amma bir müddət sonra müəyyən səbəblərdən bu istehsal xətti dayanıb və bu dayanma 26 il davam edib. Nəhayət, 2023-cü ilin ikinci yarısında şirkətin çalışqan gənclərinin səylərindən və yerli mütəxəssislərin gücündən istifadə edilməklə şirkətin sorbitol istehsal xətti yenidən fəaliyyətə başlayıb. Bu ilin Yanvar ayının 13-də İmam Əlinin (ə) mübarək mövludu ərəfəsində İranın rəsmi şəxslərinin və İsfahanın icra hakiminin iştirakı ilə Zavodun açılış mərasimi keçirilib.
Sorbitol bəzi meyvə və tərəvəzlərdə təbii şəkildə mövcud olan şəkər spirtinin bir növüdür. Bu maddə süni şəkildə də istehsal olunur, qida və dərman məhsullarında dadverici və həlledici kimi istifadə edilir.
Sorbitol şəkərə oxşar şirinliyə və suda həll olma qabiliyyətinə malik olduğundan şirniyyat, saqqız, şokolad, şəkərsiz içkilər, dərman kimi məhsulların və kosmetik məhsulların istehsalında istifadə edilir. Bundan başqa, şəkərlə bağlı xəstəlikləri olan insanlar üçün hazırlanan məhsullarda şəkər əvəzləyicisi kimi işlədilir.
Sorbitol suyu udma qabiliyyətinə malik olduğu üçün qida və əczaçılıq məhsullarının rütubətini qorumaq üçün qoruyucu bir maddə olaraq istifadə edilə bilər. Həmçinin antibakterial və çürümə əleyhinə xüsusiyyətlərinə görə bəzi stomatoloji məhsullarda da istifadə qabiliyyətinə malikdir.
Şirkətin baş direktoru Saman Fəthi deyib: 90-cı illərin əvvəllərində qeyd olunan sortibol istehsal xətti İtalya texnologiyası ilə işə salındı və onun işə salınmasında italyalı mütəxəssislər iştirak edirdi. Zaman-zaman zavod işçilərinin bir çoxu İtalyada lazımı təlimlər keçmişdi. Nəhayət, 1995-ci ildə sortibol zavodu işə salındı. Zavod iki il yarım fəaliyyət göstərdi. İtalyalı mütəxəssislərin getməsi və tənzimlənməmiş idxal səbəbilə istehsal xətti 1998-ci ildə dayandı. Bu dayanma yaxın günlərə qədər davam edib.
Şəhid Müdərris Əczaçılıq, Kimya və Qida Sənayələri Qrupu Şirkətinin baş direktoru bildirib: Zavodun yenidən fəaliyyətə başlaması 2020-ci ilə qədər təxirə düşdü. Həmin ildə xətti əsaslı təmir etmək üçün Müdafiə Nazirliyi ilə müqavilə bağlandı. Müqavilə ilə 2023-cü ilin əvvəllərindən daha ciddi şəkildə maraqlanıldı və 2024-cü ilin Avqust ayında nəzarət altına alınmış şəraitdə zavodun sınaq istehsalı başladı. Noyabr ayının ortalarında reaktorlara xam maddə vuruldu. Hazırda məhsul sabit şəraitdə və 28 il dayanmadan sonra istehsal olunmaqdadır.
O, sözlərinin davamında deyib: Sorbitol məhsulu ölkəyə Hindistan, Çin və Almaniyadan idxal olunur ki, bəzən istənilən keyfiyyətə sahib olmur və ölkəyə baha qiymətə gətirilir. Şəhid Müdərris zavodu ölkənin maye formalı sorbitol ehtiyacının yarısını təmin edir. Bu da valyutanın ölkədən çıxışının qarşısını çox həddə alır. Bu şirkətin əsas təsiri ölkədən valyuta çıxışının qarşısını almaqdır ki, bu da, ölkəyə böyük bir köməkdir.
O, əlavə edərək bildirib: Ən əsas problem bu məhsulun istehsalı üçün kamil texnologiyanın olmaması idi. Bu isə yerli mütəxəssislərin, xüsusən də Müdafiə Nazirliyinin mütəxəssislərinin bacarığından istifadə üçün müsbət bir hadisə oldu və onların səyləri nəticəsində avadanlıqlar yeniləndi. Zavodun istehsal prosesi mürəkkəb iş olan yüksək təzyiq və temperaturla baş tutur ki, Müdafiə Nazirliyinin mütəxəssisləri bunun da öhdəsindən gəldilər.
O, həmçinin bildirib ki, zavod tam işə salındıqda 6000 nəfər üçün birbaşa məşğuliyyət yaradacaq və şübhəsiz, region iqtisadiyyatında dəyişikliyə səbəb olacaq.