Qan xərçəngi hüceyrələrinin yeni bir üsulla idarə edilməsi

Tehran Universitetinin tədqiqatçıları orta tezlikli zəif elektrik sahələrindən istifadə edərək qan xərçəngi hüceyrələrinin böyüməsini azaltmağa müvəffəq olublar.

Tehran Universitetindən verilən məlumata əsasən, bu yaxınlarda Biokimya və Biofizika Tədqiqat Mərkəzinin akademik heyətinin üzvləri Bəhram Qolyai və Seyid Peyman Şəriətpənahinin rəhbərliyi altında biofizika tələbəsi İlham Həmmami tərəfindən magistr dissertasiyası şəklində aparılan tədqiqat nəticələri göstərib ki, orta tezlikli zəif elektrik sahələrindən istifadə etməklə Daunorubisin (Daunorubicin) kimyəvi müalicə dərmanının təsirini artırmaq və qan xərçəngi hüceyrələrinin böyüməsini azaltmaq mümkündür.

Qolyai deyib: Bu elektrik sahələri yalnızca xərçəng hüceyrələrinin böyüməsini azaltmaqla qalmır, həm də bu hüceyrələrin kimyəvi müalicə dərmanını udma qabiliyyətini artırır.

Bu tədqiqatın rəhbəri bildirib ki, bu araşdırmanın tapıntıları qan xərçəngi müalicəsində effektiv bir yol kimi xərçəng xəstələri və onların ailələri üçün ümidverici ola bilər. Bu üsulla xərçəng hüceyrəsinin membranı daha keçici olur və onun çoxalması azalır. Hüceyrə membranının keçiciliyinin artması həmçinin kimyəvi müalicə dərmanının daha yaxşı daxil olmasına və daha güclü təsir göstərməsinə səbəb olur.

Təcrübə nəticələri göstərib ki, elektrik sahəsinin təsirindən sonra U937 qan xərçəngi hüceyrələrinin çoxalması əhəmiyyətli dərəcədə azalır və eyni zamanda onların DNT-sində zədə və proqramlaşdırılmış hüceyrə ölümünün (Apoptozis) əlamətləri müşahidə olunub. Digər tərəfdən, elektrik sahəsinə məruz qalan sağlam hüceyrələr ciddi zədələnməyib. Bu da bu metodun xərçəng hüceyrələrinə seçici təsir etdiyini və sağlam hüceyrələrə qarşı təhlükəsiz olduğunu göstərir.

Tehran Universitetinin professorunun sözlərinə görə, bu tədqiqatın birləşmiş müalicə üsulu (elektrik sahəsi+kimyaterapiya) xərçəngin mövcud müalicə üsullarını təkmilləşdirməklə yanaşı, kimyaterapiyanın yaratdığı fəsadları da azalda bilər.

Qolyai qeyd edib: Aydındır ki, bu yeni xərçəng müalicəsi metodundan tam istifadə etmək və onun istifadəsini optimallaşdırmaq üçün daha çox araşdırmaya ehtiyac var, lakin ümumilikdə bu tapıntılar xərçəng müalicəsində daha parlaq gələcək vəd edə bilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir