Tehran Universitetinin nailiyyəti; su heyvanlarının çoxaldılması üçün hormon istehsalı

Tehran Universitetinin bir sıra tədqiqatçıları bu universitetin Biokimya və Biofizika Tədqiqat Mərkəzində müxtəlif növ su heyvanlarının çoxaldılması üçün lazımı hormonları istehsal etməyə və kommersiyalaşdırmağa müvəffəq olublar.

Tehran Universitetinə istinadən verilən məlumata əsasən, bu layihənin elmi rəhbəri makro səviyyədə balıqçılıq sənayesinin əhəmiyyəti barədə deyib:  Bu gün cəmiyyətin çoxalması və iqlim dəyişikliklərinin təsiri ilə qida təhlükəsizliyinin və davamlı resurslardan istifadənin əhəmiyyəti getdikcə artıb. Akvakultura da zülal istehsalı üçün davamlı və bərpa edilən resurs kimi, təbii mənbələrə olan təzyiqin azaldılmasına və ekosistemlərdə tarazlığın yaradılmasına kömək edə bilər. Digər tərəfdən də, balıq istehlakı ürək-damar xəstəliklərinin azaldılması, beyin fəaliyyətinin yaxşılaşdırılması və degenerativ xəstəliklərin (bədən hüceyrələrinin tədicən məhv olması) qarşısının alınması kimi müsbət nəticələrə malikdir. Buna görə də, akvakultura sənayesinin güclənməsinə səbəb ola biləcək su heyvanlarının çoxaldılması hormonları kimi hər bir məhsul həm qida təhlükəsizliyi və həm də qida sağlamlığı baxımından çox əhəmiyyətlidir.

Möhsün Əsgəri bu araşdırmanın nəticəsini belə təqdim edib: Bu araşdırmada yerli biotexnologiya biliklərinə əsaslanaraq İranda və Orta Şərqdə ilk dəfə olaraq tropik, subtropik, nərə, dəniz və bəzək balıqlarına şamil olan müxtəlif növ balıqların çoxaldılması üçün xüsusi hormonlar istehsal edilib.

Tehran Universitetinin professoru bu hormonların iş prinsipi barəsində deyib: Bu məhsulların bəzisi yumurta qoyma prosesini yaxşılaşdırır. Bəzisi isə yavaş buraxma texnologiyasından istifadə edilərək hazırlanıb və nano formula ilə həll olunan implant hormonu kimi süni çoxalmanı yüksəldir. İstehsal edilmiş digər hormonlar da göy qurşağı alabalığı (forel) kimi subtropik balıqlara məxsusdur ki, bu da, dünyada ilk dəfə istehsal olunub.

Bu universitet professoru bu hormonların elm təməlli bir şirkət tərəfindən kütləvi istehsalına işarə edərək bildirib: Bu hormonların kütləvi istehsalı İranın balıq sənayesinin ehtiyacını müəyyən qədər həll edib və ölkənin xarici hormonların idxalına olan bağlılığını xeyli azaldıb.

Tehran Universitetinin Biokimya və Biofizika Tədqiqat Mərkəzinin elmi heyətinin üzvü qeyd edib: Molekulyar biologiyanın yeni üsullarından istifadə etməklə və müxtəlif balıqların çoxaldılması üçün bioloji mülahizələri nəzərə almaqla istehsal olunan bu hormonlar balıq yetişdirmə mərkəzlərində yaxşı nəticələrə səbəb olur və bu araşdırmanın son hədəfini, yəni akvakultura prosesinin yaxşılaşdırılmasını həyata keçirir.

Müxtəlif növ su heyvanlarının çoxaldılması hormonu Tehran Universitetinin tədqiqatçılarının 25-ci Tədqiqat, Texnologiya və Bazar Fənni Nailiyyətləri Sərgisində təqdim edilmiş və seçilmiş nailiyyətlərindən biridir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir