“The Wall Street Journal” öz hesabatında İranın sionist rejimlə 12 günlük münaqişədə raket hücumlarının diqqətəlayiq uğurunu etiraf edərək yazıb: “Tehran sınaq və səhv yolu ilə İsrailin hava hücumundan müdafiə sistemlərinə nüfuz etmək üçün bir yol tapıb.”
ABŞ-ın nüfuzlu “Wall Street Journal” qəzeti çərşənbə günü yayımlanan geniş hesabatında yazıb ki, İsrail və İran arasında baş vermiş son müharibə qabaqcıl raket müdafiə sisteminə malik ölkələr və bu sistemlərin alıcıları üçün ciddi xəbərdarlıq olub.
Qəzet vurğulayıb ki, İranın 12 günlük müharibədə artan uğurları göstərdi ki, ən inkişaf etmiş müdafiə sistemləri belə nüfuz edilə bilər.
“Wall Street Journal”ın analitiki qeyd edib ki, Tehran İsraillə müharibədə çoxlu raket və pilotsuz uçuş aparatları izlənildikdən sonra taktikasını dəyişib, sınaq və səhvlərlə İsrailin raket müdafiə sistemində boşluqlar tapıb.
Raket müdafiəsi üzrə ekspertlər deyiblər ki, 12 günlük qarşıdurmanın analizinə əsasən, Tehran müharibənin sonrakı mərhələlərində daha uzaq və qabaqcıl raketləri İranın müxtəlif nöqtələrindən atmağa başlayıb, hücumların vaxtını, hədəflərin coğrafi paylanmasını da dəyişdirib.
Qəzetin Vaşinqtondakı araşdırma mərkəzlərinin məlumatlarına əsaslanan ilkin təhlilində qeyd olunub ki, İran raket sayı azaldığı halda uğur faizi artıb. ABŞ-ın Yəhudi Milli Təhlükəsizlik Fondu (JINSA) məlumatlarına görə, müharibənin ilk yarısında İran raketlərinin 8%-i İsrail müdafiəsindən keçə bilmiş, ikinci yarısında isə bu göstərici 16%-ya yüksəlmişdir.
JINSA-nın yüksək rütbəli üzvü Ari Sikurl isə qeyd edib ki, “məlumatlar göstərir ki, İran atəş üsulu, vaxtı və növünü uğurla tənzimləyib.”
Qəzet əlavə olaraq yazıb: İran raketlərinin İsrail hava məkanına nüfuzu “Dəmir Qübbə” kimi ABŞ-la birgə inkişaf etdirilmiş ən yaxşı hava müdafiə sistemlərinə qarşı baş verib.
Müharibə zamanı İsrailin baş naziri Netanyahu hökumətinin bəyanatlarının təhlili göstərib ki, İran raketlərinin tutulma faizi azalıb. İsrail ordusu müharibə zamanı İran raketlərinin 90-95%-nin tutulduğunu açıqlasa da, atəşkəsdən sonra ümumilikdə bu göstəricinin 86%-ə düşdüyü bildirilib.
Tel-Əvivdə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun (INSS) raket müdafiəsi mütəxəssisi Yəhoshua Kaliski bildirib ki, İran müxtəlif şəhərlərə raket atmaqla İsrail müdafiə sistemini sınaqdan keçirməyə və İsrail müdafiə sistemini zəiflətməyə çalışıblar.
Ekspertlər, həmçinin bildiriblər ki, davam edən qarşıdurma, raket müdafiə qurğularının azalması və yüksək maliyyə xərcləri səbəbindən İsrail yalnız təhlükə yaradan raketləri hədəf almaq məcburiyyətində qalıb.